CƏMİYYƏT
“Azərbaycan gəncliyi: 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı ictimai müzakirə keçirilib
Bakı, 26 may, Həsrət Mahmudova, AZƏRTAC
“Azərbaycan gəncliyi: 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı mayın 26-da Gənclər və İdman Nazirliyinin akt zalında ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev və nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda ölkəmizdə gənclərin inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıblar.
Qeyd edilib ki, “Azərbaycan gəncliyi: 2016-2020-ci illərdə” Dövlət Proqramının müzakirəsi və həmin sənədə təkliflərin toplanması məqsədilə mütəmadi qaydada ictimai müzakirələr təşkil olunur. Müzakirələrdə gənclərin əsas problemləri, onların həlli yolları, beynəlxalq təcrübə, gənclərlə bağlı həyata keçirilmiş dövlət proqramlarının nəticələri və s. məqamlar nəzərə alınmaqla fikir mübadilələri aparılır. Həmin müzakirələrdə səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramına daxil ediləcək.