İDMAN
Azərbaycan idmançısı “Şarcah İslam mədəniyyəti paytaxtı şahmat çempionatı”nın qalibi olub
Bakı, 24 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Şarcah İslam mədəniyyəti paytaxtı şahmat çempionatı”na noyabrın 24-də yekun vurulub. Azərbaycan şahmatçısı Qədir Hüseynov turnirin qalibi olub.
Yarışda Azərbaycan, Albaniya, İran, İraq, Əfqanıstan, İordaniya, Misir, Özbəkistan, Əlcəzair, Suriya və digər ölkələrdən 72 (46 kişi və 26 qadın) zəka sahibi mübarizə aparıb.
Çempionatda ölkəmizi Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abasov, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova təmsil ediblər.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 9 turdan ibarət keçirilən turnirin sonunda həmyerlimiz Qədir Hüseynov, Misir təmsilçisi Ahmed Adliyə və Qırğızıstan şahmatçısı Semetey Tologontegin hərəyə 7 xal toplayaraq 1-3-cü yerləri bölüşüblər. Qədir Hüseynov əlavə göstəricilərə görə turnirin qalibi adına layiq görülüb. Liderlərdən yarım xal az toplayan Eltac Səfərli 6,5 xalla 4-5-ci yerləri bölüşdürüb. Sonuncu turda rəqibinə məğlub olan Nicat Abasov isə aktivinə 6 xal yazaraq yeddinci yerlə kifayətlənməli olub.
Qadınların turnirində Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva 9 oyunda məğlub olmadan 8 xal toplayaraq turnirin qalibi adını qazanıb.
Digər qadın təmsilçilərimiz - Xəyalə Abdulla və Nərmin Xələfova yaxşı nəticə göstərsələr də ilk üçlüyə düşə bilməyiblər. X.Abdulla dördüncü, N.Xələfova isə altıncı yerin sahibi olub.