CƏMİYYƏT
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 6 iyun, AZƏRTAC
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının üçüncü iclası çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, Baş Təftiş Təşkilatının sədri Naser Seraci ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş prokuror Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdıraraq qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyədə təşkil edildiyini bildirən Naser Seraci ölkələrimiz arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, müsbət iş təcrübəsi və məlumat mübadiləsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Qonaq rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə hüquq-mühafizə və ədliyyə orqanları arasında yaranmış işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycanın və İranın hüquq-mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə görüşdə iştirak edib.