SİYASƏT
Azərbaycan ilə İsveç arasında Konvensiya imzalanıb
Bakı, 10 fevral, AZƏRTAC
“Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd fevralın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsveçin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşündə imzalanıb.
Görüşdə Azərbaycan-İsveç əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin iki ölkə arasında turizm, iqtisadiyyat və biznes sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin formatı və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətlərdə geniş potensialın olduğu qeyd edilib.
Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, imzalanmış sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacaq. Eyni zamanda, bu, İsveç sərmayəçilərinin ölkəmizə investisiya yatırmaları üçün yeni imkanlar açacaq.
Nazir Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq, ATƏT-in Minsk qrupunun üzvü olan İsveçin aktiv səylərini yüksək dəyərləndirdiyini, lakin bu günə kimi status-kvonun dəyişmədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv siyasətinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırıb. O, münaqişənin həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
İsveçin xarici işlər naziri Azərbaycanda şahidi olduğu tolerant və multikultural mühitin onda xoş təəssüratlar yaratdığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Marqot Vallström İsveçin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqeyini bölüşərək, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində problemin sülh yolu ilə həllini dəstəklədiyini və Minsk qrupunun üzvü kimi töhfəsini verməyə hazır olduğunu söyləyib. O, həmçinin münaqişənin həlli prosesinə qadınların cəlb edilməsinin vacib olduğunu bildirib. Nazir danışıqlar prosesinin əsas iştirakçılarının həmsədrlər olduğunu, lakin münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin səy göstərməsinin faydalı olacağını qeyd edib. O, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında münaqişənin həllinin mümkün olduğunu vurğulayıb.