CƏMİYYƏT
Azərbaycan ilə Litva arasında fövqəladə halların idarə olunması sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır VİDEO
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun və Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olmuşdur.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə fövqəladə halların idarə olunması sahəsində əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “Əməliyyat zalı”, həmçinin İctimaiyyətlə Əlaqə İdarəsinin multimedia mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
Eyni zamanda, səfər çərçivəsində Dailis Alfonsas Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olmuşdur.
Dailis Alfonsas Barakauskasın Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına tanışlıq səfəri də planlaşdırılır.