MƏDƏNİYYƏT


“Azərbaycan musiqisində Şərq-Qərb rəngarəngliyi gənclərin gözü ilə” layihəsi yekunlaşıb

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycan musiqisində Şərq-Qərb rəngarəngliyi gənclərin gözü ilə” adlı üçgünlük layihənin bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin müəllifi, beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Tural Məmmədli layihənin mövzusundan və məqsədindən danışıb, onun böyük maraqla qarşılandığını qeyd edib. Bildirilib ki, Şərq və Qərb mədəniyyəti Azərbaycanın aşıq sənətində, həmçinin klassik musiqisində də əksini tapıb.

Qeyd olunub ki, layihə çərçivəsində Azərbaycan Milli Konservatoriyasında konsert keçirilib. Konsertdə İohann Sebastyan Baxın əsəri Azərbaycan milli musiqi alətlərinin ifasında səslənib. Bundan başqa, Əməkdar Artist Vüqar Camalzadə “Ulduz” balladasını, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Şəhriyar İmanovun triosu isə tar, kamança və nağaranın vəhdətində “Ağlayan Şəlalə” kompozisiyasını səsləndiriblər. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin “Ömrümün istəyi” və Tural Məmmədlinin kamança və fortepiano üçün bəstələdiyi “Tənha yolçu” əsərləri təqdim olunub.

Bildirilib ki, layihə çərçivəsində Konservatoriyanın tələbələri Həqiqət Hüseynova, Həcər Məmmədli, Məleykə Ehtiram, Rövşanə Məmmədli və Nigar Cavadzadənin mövzu ilə bağlı müzakirələri böyük maraqla qarşılanıb.

Daha sonra çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, Gənclər Fondunun nümayəndəsi Nural Səfəralı, musiqişünas Məleykə Ehtiram və kamança ifaçısı Elnur Mikayılov layihənin əhəmiyyətindən danışıb, Azərbaycan musiqisinin dünyada tanınmasında belə layihələrin böyük rol oynadığını söyləyiblər.

Sonra layihə çərçivəsində keçirilən konsertin diskinin təqdimetmə mərasimi olub və layihə iştirakçılarına diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.