CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib
Özbəkistan hökuməti Aralın Xilası üzrə Beynəlxalq Fondun icraiyyə komitəsi ilə birlikdə Xarəzm vilayətinin mərkəzi Urgənc şəhərində “Ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması üzrə Aral dənizi hövzəsi regionunda əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirib.
Konfransda dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycandan alimlər, ekoloqlar, ekspertlər, BMT, UNESCO, UNISEF və digər beynəlxalq təşkilatların, Dünya Bankının, İslam İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Tədbirdə Özbəkistan Prezidenti İslam Kərimovun konfrans iştirakçılarına müraciəti oxunub.
Sonra BMT-nin baş katibi Pan Gi Munun konfrans iştirakçılarına video müraciəti yayımlanıb.
Konfransın açılışında BMT baş katibinin müavini, Avropa iqtisadi Komissiyasının icraçı katibi Kristian Frens Bax, BMT İnkişaf Proqramı inzibatçısının müavini Ayşe Jixan Sultanoğlu və digərləri çıxış ediblər. Sonra Dünya Səhiyyə Təşkilatının baş katibi Marqaret Çen və UNESCO-nun baş direktoru İrina Bokovanın video müraciətləri səsləndirilib.
Konfransda Aral dənizi hövzəsində su ehtiyatlarından səmərəli istifadə olunması və idarəetmə sisteminin təkmilləşdirilməsi, ekoloji risk zonalarında genofondun yaradılması və mühafizəsi, əhalinin sağlamlığının qorunmasına şərait yaradılması, Aralyanı zonada yaşayan əhalinin həyat şəraitinin yüksəldilməsi üçün lazımı iqtisadi stimulların yaradılması, ekoloji sistemin və bioloji aləmin bərpası, fauna və floranın mühafizəsi və digər mövzularda məruzələr dinlənilib.
Konfransın sonunda donor dövlətlərlə Özbəkistan hökuməti və beynəlxalq təşkilatlar arasında Aralın problemlərinin həllinə 3 milyard dollar həcmində vəsait ayrılması ilə əlaqədar sənədlər imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd