CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti miqrasiya məsələlərinə dair Rusiyada keçirilən tədbirdə iştirak edib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburqda keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 18-ci iclasında iştirak edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə MDB-nin iştirakçısı olan dövlətlərin miqrasiya orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının “Beynəlxalq miqrasiya: problemlər, əməkdaşlıq və inkişaf perspektivləri” mövzusunda keçirilən 43-cü plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri “Miqrantların hüquqlarının qorunmasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. P.Musayev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, ölkəmizdə miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində atılmış addımlar, miqrasiya sahəsində mövcud beynəlxalq əməkdaşlığın perspektivləri haqqında iştirakçılara ətraflı məlumat verib.