CƏMİYYƏT
Azərbaycan nümayəndələri Malayziyada korrupsiyaya qarşı mübarizə ilə bağlı seminarda iştirak edirlər
Tokio, 9 avqust, AZƏRTAC
Kuala Lumpurda yerləşən Malayziya Antikorrupsiya Akademiyasında (MACA) avqustun 8-dən 19-dək “Korrupsiyaya qarşı mübarizə proqramının strateji idarəetməsi üzrə sertifikat” mövzusunda təşkil edilən seminarda Azərbaycan da ilk dəfə təmsil olunub.
Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən verilən məlumata görə, həmin beynəlxalq tədbirdə Ağdaş rayon prokuroru vəzifəsini icra edən Ramin Hüseynov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya İdarəsinin prokuroru Vüqar Əhmədli iştirak edirlər.
Tədbirə Azərbaycan nümayəndələrinin iştirakı 2016-cı il fevralın 4-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Malayziyaya səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası (MACC) arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun və hər iki ölkənin aidiyyəti qurumları arasında yaranmış əməkdaşlığın məntiqi davamıdır.
Vüqar Əhmədli və Ramin Hüseynov tədbir çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində kompleks və sistemli şəkildə həyata keçirilən islahatlar, ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanın MACC ilə əməkdaşlığının və bu sahədə təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıblar.
İki həftə davam edəcək seminarda dünyanın 20-dən çox ölkəsindən prokurorluq orqanları, antikorrupsiya qurumları və Ombudsman aparatlarından nümayəndələr iştirak edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio