CƏMİYYƏT
Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışılıb, bu istiqamətdə görülməli olan işlər müzakirə edilib.
Çexiyadakı dini icmaların həyat və fəaliyyəti barədə məlumat verən səfir Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.
A.Paşazadə 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri və uğurları barədə söhbət açıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqətin, multikultural həyat tərzinin inkişaf etdirilməsinin hər zaman gündəmdə olmasını xüsusi vurğulayan şeyxülislam bunun ölkəmizin ümumi tərəqqisində böyük rol oynadığını diqqətə çatdırıb.