CƏMİYYƏT


Azərbaycan və İran xalqları arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC 

Oktyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında dini-mənəvi sahədə əlaqələrlə bağlı müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin bugünkü inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. İranlı qonağa Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, müxtəlif din mənsubları olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, onların dini tələbat və qayğılarının eyni dərəcədə təmin edilməsi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi islami irsimizə diqqət göstərilməsi barədə məlumat verilib. QMİ sədri əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu müdrik dövlətçilik siyasətinin tərkib hissəsi kimi multikulturalizmin, milli və dini tolerantlığın Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsinin ölkəmizin uğurlarında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə İranın həssas münasibətinin böyük önəm kəsb etdiyini qeyd edən QMİ sədri xalqımızın haqq işinin qələbə qazanacağına əmin olduğunu və İran dövlətinin bu problemin beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə ədalətli həllinə yardımçı olan bütün səylərinə görə təşəkkürünü bildirib.

Məcid Xudabəxş Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Ərdəbil Əyalətinin valisi səfər zamanı Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edilib ki, səfər zamanı aparılan müzakirələr hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.