SİYASƏT
Azərbaycan və İraq xalqları arasında tarixi dostluq əlaqələri mövcuddur
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İraqın ölkəmizdəki səfiri Heydər Şiyə Qubeyşi Əl-Bərrak ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İraq xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu vurğulanıb.
Nazir E.Məmmədyarov sentyabrın 29-də Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə iki ölkə arasında əlaqələrin inkişafına dair məsələlərin müzakirə edildiyi məhsuldar görüşünü xatırlayıb.
Səfir Heydər Şiyə Qubeyşi Əl-Bərrak diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Bakı və Bağdad arasında açılan birbaşa hava uçuşlarının iki ölkənin iqtisadi-ticarət, turizm və insanlararası əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov səfir Heydər Şiyə Qubeyşi Əl-Barraka gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.