ELM VƏ TƏHSİL
Azərbaycan və Polşa elm və mədəniyyət müstəvisində
Bakı, 16 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və Polşa elm və mədəniyyət müstəvisində” mövzusunda beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Sonra “Elm çırağı” İctimai Birliyinin sədri, professor Naidə Məmmədxanova çıxış edərək bildirib ki, Xəzər dənizi sahilində yerləşən Azərbaycan əsrlər boyu Qərblə Şərqin əlaqələrində mühüm rol oynayıb. Hələ eramızdan əvvəl II əsrdə buradan Böyük İpək Yolu keçib. Azərbaycanın qapıları həmişə digər sivilizasiyaların üzünə açıq olub, dövlətimiz bütün ölkələrlə, o cümlədən Polşa ilə əməkdaşlıq edib. Sürətlə inkişaf edən, gələcəyə nikbin nəzərlərlə baxan Polşa beynəlxalq birliyin fəal iştirakçısıdır. N.Məmmədxanova Azərbaycan-Polşa münasibətlərinə toxunaraq qeyd edib ki, bu əlaqələr çoxəsrlik tarixə malikdir. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi XV əsrdən başlanır. Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. “Koroğlu” dastanı XIX əsrdə polyak Xodzko tərəfindən tərcümə edilərək ingilis və fransız dillərində nəşr olunub.
XX əsrin əvvəllərində Bakıya polyak mühəndislər, memarlar gəlib. Paytaxtımızın memarlıq simasının təşəkkül tapmasında onların böyük rolu olub.
1827-ci ildə Peterburq Universitetinin professoru M.Topçubaşov Adam Mitskeviçin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Polşanın Azərbaycandakı səfiri Marek Tsalka “Mədəniyyət: Azərbaycan və Polşa arasında oxşar və fərqli cəhətlər” mövzusunda məruzə edib. O deyib: “Mənim ölkəm müstəqil respublikadır. Polşa da İpək Yolunda, Şərqlə Qərbin qovuşuğunda yerləşib. Biz həmişə bir-birimizə bağlı olmuşuq, müttəfiq olmuşuq”.
Seminarda professor Aslan Məmmədlinin, dosentlər Elnarə Kəbirlinskayanın, Lyudmila Talıbovanın məruzələri dinlənilib.
Tədbir Bakı Musiqi Akademiyası tələbələrinin konserti ilə başa çatıb.