CƏMİYYƏT


Azərbaycanda əmək və sosial müdafiə sahəsində fəal islahatlar aparılır

Bakı, 14 iyun, AZƏRTAC 

Azərbaycanda məşğulluq sahəsində islahatlar tam sürətlə davam edir.

AZƏRTAC BMT radiosuna istinadla bildirir ki, bu sözləri respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Cenevrədə söyləyib. O, Beynəlxalq Əmək Təşkilatının (BƏT) ali orqanı olan Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edib.

S.Müslümov BMT radiosuna müsahibəsində qeyd edib ki, bu gün Azərbaycanda əmək sahəsi ən mühüm sahələrdən biridir, burada çoxlu islahatlar aparılır. Bu da onunla bağlıdır ki, Azərbaycanın əhalisi əsasən gənclərdən ibarətdir. Ölkə əhalisinin 27 faizi 14-29 yaşlarında gənclərdir. Bu göstərici üzrə Azərbaycan MDB-də hətta Tacikistanı da geridə qoyub. Son 13 ildə doğum göstəricisi artıb. Bu göstəricinin ölkədə sosial-iqtisadi vəziyyətdən birbaşa asılı olması müşahidə edilir. Ölkədə qeydə alınan nikahların sayı da artır. Ailədə uşaqların sayını onların doğulma ardıcıllığı, yəni birinci, ikinci, üçüncü, dördüncü uşaqların sayını araşdırsaq son illərdə üçüncü, dördüncü, beşinci doğulan uşaqların sayı kəskin şəkildə azalıb. Amma əvəzində birinci və ikinci doğulan uşaqların sayı iki-üç dəfə artıb. Nəticədə son 10 ildə əhalinin sayı orta hesabla hər il 1,3 faiz artıb.

S.Müslümov vurğulayıb: “Əlbəttə, ailələrdə daha çox – üç, dörd, beş uşaq olması yaxşı olardı. Amma digər tərəfdən, ailələrin həmin uşaqları saxlamaları, onlara yaxşı tərbiyə, təhsil vermələri üçün yaxşı tibbi təminat, daimi tibbi müayinə, müəyyən şərait tələb olunur. Ailələr öz gəlirlərini və xərclərini hesablayır, ailə büdcəsini düşünərək tərtib edirlər”.

Nazir qeyd edib ki, son 10-13 ildə ölkə iqtisadiyyatında çox böyük dəyişikliklər baş verib. Ümumi daxili məhsul 3,3 dəfə artıb. Bu böyük irəliləyiş Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların düzgün olmasına dəlalət edir.

Səlim Müslümov BMT radiosuna müsahibəsində deyib: “Hökumət neft ehtiyatlarının ixracından əldə edilən gəlirləri hərtərəfli düşünülmüş şəkildə sərf edib, onları düzgün bölüb və sektorlar üzrə yönəldib. Bu gün iqtisadiyyatın “budaqlanması”, şaxələnməsi prosesi gedir. hazırda Azərbaycan iqtisadiyyatının inkişafında əsas prioritet kənd təsərrüfatı, ərzaq idxalının xüsusi çəkisinin azaldılması, kənd təsərrüfatı məhsulları ixracının artırılmasıdır. İkinci mühüm prioritet turizmin ciddi inkişafıdır”.

Nazir qeyd edib ki, bu ilin beş ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə ikiqat artıb. Bu gün Bakı mehmanxanalarında bircə dənə boş yer tapmaq mümkün deyil.

Üçüncü prioritet nəqliyyat məsələsidir. Azərbaycan Avropa ilə Asiya arasında, Şimal ilə Cənub arasında mühüm coğrafi mövqedə yerləşir.

Nazir sonda deyib: “Buna görə də indi biz İran və Rusiya dəmir yollarını birləşdiririk. Azərbaycan dəmir yolu ilə Ukrayna dəmir yolunun birləşdirilməsi başa çatmaq üzrədir. Bu marşrut vasitəsilə Avropa ilə birbaşa əlaqə yaranacaq. Bu sahədə çox böyük imkanlarımız var və biz həmin imkanlardan istifadə edirik. Dördüncü mühüm prioritet informasiya-kommunikasiya texnologiyalarıdır. Bildiyiniz kimi, Azərbaycan kosmik ölkədir. Bizim iki peykimiz var. Burada çox böyük imkanlar var və biz bu imkanlardan da istifadə edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.