ELM VƏ TƏHSİL
Azərbaycanda ilk dəfə ölkə ərazisinin iqlim-malyarioloji rayonlaşdırılması aparılıb
Bakı, 18 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycanda ilk dəfə ölkə ərazisinin iqlim-malyarioloji rayonlaşdırılması aparılıb. Rayonlaşdırma əhalinin malyariyaya yoluxması riskinin qiymətləndirilməsi üçün ilk dəfə tərtib edilmiş şkala əsasında aparılıb. Nəticədə 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılıb. Tədqiqatı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov və institutun elmi əməkdaşı D.Əhmədova aparıblar.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində AMEA-nın Coğrafiya İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə məlumat verib. O deyib: “Malyariya mövsümünün davamiyyəti ərazinin iqlim şəraitindən asılı olaraq müxtəlifdir. Belə ki, Kür-Araz ovalığında, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində malyariyaya yoluxma riskinin mövcud olduğu ərazilər dəniz səviyyəsindən 500-600 metr yüksəkdə yerləşir. Həmin ərazilərdə malyariyaya mümkün yoluxma dövrü 140 gündən çox ola bilər. Yüksəklik artdıqca həmin dövr qısalır. Regionların yerləşdiyi yüksəklikdən asılı olaraq malyariya yalnız havaların isti keçdiyi ayrı-ayrı illərdə müşahidə oluna bilər”.