CƏMİYYƏT
Azərbaycandakı multikultural mühit Romada növbəti dəfə diqqət mərkəzində VİDEO
Roma, 29 oktyabr, AZƏRTAC
Romada keçirilən Diplomatiya Festivalı çərçivəsində Vatikanın Lateranense Universitetində “Multikulturalizm və dini plüralizm dəyərlər kimi: Mərakeş və Azərbaycanda dini azadlıq təcrübəsi” mövzusunda tədbir keçirilib.
Təcrübəli ekspert Alessandro Meluzzinin moderatorluğu ilə keçirilən tədbiri universitetin rektoru Enriko dal Kovolo açaraq rəhbərlik etdiyi təhsil ocağının bu cür önəmli mövzu ilə bağlı müzakirələrə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O deyib ki, gərginliklərin tüğyan etdiyi müasir dünyamızda müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı hörmət əsasında biri-birini anlaması vacib amildir.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov müzakirə edilən mövzunun ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. O deyib: “Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Konstitusiyasına əsasən ölkəmizdə dinindən asılı olmayaraq hər bir vətəndaş bərabər hüquqlara malikdir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri harmoniya halında birgəyaşayış nümayiş etdirirlər. Avropa ilə Asiya arasında körpü rolunu oynayan ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu bir məkandır. Azərbaycan ənənəvi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Tədbirdə bir sıra ölkələr, o cümlədən İtaliya böyük nümayəndə heyəti ilə təmsil olunur. Bu gün Azərbaycan beynəlxalq arenada önəmli mövqeyə malikdir. Ölkəmizdə demokratik inkişaf, qanunun aliliyi, insan haqlarının müdafiəsi istiqamətində önəmli irəliləyişlər müşahidə olunur”.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir ölkələrimiz arasında bütün istiqamətlərdə yüksək səviyyəli əlaqələrin olduğunu deyib. Diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ölkələrimizin elmi və mədəni dairələrinin əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir çoxu məhz Azərbaycandakı multikultural mühitin İtaliya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir.
Mərakeşin İtaliyadakı səfirliyinin müşaviri El Mummi Haşem ölkəsindəki tolerant mühitdən, müsəlmanların digər dinlərin nümayəndələri ilə mehriban şəraitdə yaşamasından və bu istiqamətdə heç bir zaman gərginliyin olmamasından danışıb.
Tədbirdə Florensiyadakı Avropa Universitetinin baş katibi Paskal Ferrara, Lateranense Universitetin dosenti Lubomir Zak, Romadakı Terza Universitetinin professoru Benedetto İppolito çıxış edərək hazırda bəşəriyyətin heç vaxt olmadığı qədər dini və etnik qarşıdurmalarla üz-üzə qaldığını, bu problemin həllində bütün dövlətlərin həmrəy olmasının vacibliyini vurğulayıblar. Azərbaycandakı dini dözümlülük mühitini yüksək qiymətləndirən natiqlər ölkəmizin müvafiq istiqamətdəki təcrübəsinin öyrənilməsinin zəruri olduğunu bildiriblər. Diqqətə çatdırıblar ki, bu cür tədbirlər dünyada sülhün bərqərar olunması yollarının araşdırılması baxımından yaxşı nəticələr verə bilər.
Geniş müzakirələrlə davam edən tədbirə Lateranense Universitetinin professor, müəllim və tələbə heyəti, ekspertlər, diplomatlar və jurnalistlər qatılıblar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma