SİYASƏT
Azərbaycanın Aktaudakı baş konsulluğu referenduma tam hazırdır
Aktau, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasında keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar ölkəmizin hüdudlarından kənarda daimi yaşayan və ya müvəqqəti olan vətəndaşlarımızın səsvermədə iştirakının təmin olunması məqsədilə Aktau şəhərindəki baş konsulluqda yaradılmış məntəqə seçki komissiyası hazırlıq işlərini tamamlayıb.
Xarici ölkələrdə yaradılmış və seçicilərin sayına görə ən böyük məntəqə seçki komissiyalarından olan Aktau şəhərindəki məntəqə seçki komissiyasında Azərbaycan Respublikası vətəndaşlarının referendumda iştirakının təmin edilməsi məqsədilə Baş konsulluq tərəfindən Manqistau vilayətində ən çox oxucusu olan həftəlik “Lada” qəzetində elanlar yerləşdirilib, “Qazaxıstan-Aktau” televiziya kanalında 18-25 sentyabr tarixlərində gün ərzində 25 dəfə olmaqla elanların verilməsinə başlanılıb.
Bundan əlavə, baş konsulluqda Aktau şəhərində təhsil alan azərbaycanlı tələbə-gənclərlə, Manqistau vilayətində fəaliyyət göstərən Azərbaycan şırkətlərinin rəhbərləri və diasporumuzun üzvləri ilə görüşlər keçirilib. Görüşlərdə baş konsulluğun rəhbəri Elxan Zeynalov və məntəqə seçki komissiyasının sədri Zaur Qasımov referendumun mahiyyət barədə məlumat veriblər. Həmçinin azərbaycanlı iş adamları ilə Manqistau vilayətinin digər yaşayış məntəqələrində fəaliyyət göstərən şirkətlərdə (Janaözen, Bautina, Kurık) çalışan Azərbaycan vətəndaşlarının səsvermə günü Aktauya gəlmələrinin təmin edilməsi məqsədilə onlar üçün nəqliyyatın təşkil olunmasına dair razılıq əldə edilib.
Baş konsulluq tərəfindən, həmçinin konsul qeydiyyatında olan və Manqistau vilayətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarına SMS vasitəsi ilə sentyabrın 26-da keçiriləcək referendum haqqında məlumatlar göndərilib.
Səsvermənin təşkili ilə bağlı baş konsulluğun böyük zalında səsvermə kabinələri quraşdırılıb, məntəqə seçki komissiyasının üzvləri üçün lazımi şərait yaradılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau