İQTİSADİYYAT
Azərbaycanın "Bonaqua" suyu "Möhtəşəm dad" beynəlxalq mükafatına layiq görülüb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycanın "Bonaqua" içməli suyu Belçikada Beynəlxalq Dad və Keyfiyyət İnstitutu ("The International Taste & Quality Institute" - iTQi) tərəfindən "Superior Taste Award" ("Möhtəşəm dad") mükafatına layiq görülüb.
"Coca-Cola" şirkətindən AZƏRTAC-a bildiriblər ki, "Bonaqua" suyu dünyanın ən iri sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" şirkətinin 500 brendindən biri olmaqla "Azerbaijan Coca-Cola Bottlers" tərəfindən istehsal edilir. "Superior Taste Award" dünyada qida və içki məhsulları üzrə ən mühüm beynəlxalq mükafatlardan biridir.
Şirkətdən bildirilib ki, "Azerbaijan Coca-Cola Bottlers" şirkəti "Bonaqua" məhsullarının istehsalı prosesində tanınmış şollar suyundan istifadə edir. Təhlükəsizlik və ən yaxşı dad keyfiyyətlərinin təminatı üçün su bir neçə mərhələdə təmizlənir. Son məhsul formasında alıcılara təqdim edilən "Bonaqua" suyu Azərbaycanda qida sənayesində mövcud qanunvericiliyin tələblərinə tam uyğun olmaqla yanaşı, bütün beynəlxalq keyfiyyət standartlarına, o cümlədən "Coca-Cola" şirkətinin daha yüksək tələb və normalarına cavab verir.