CƏMİYYƏT
Azərbaycanın dünyanın aparıcı gənclər platformaları arasında körpü rolunu oynayır
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ev sahibliyi ilə oktyabrın 31-də “Gənclər platformalarının beynəlxalq əlaqələndirmə görüşü” təşkilatının illik yığıncağı işə başlayıb.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, məqsəd təşkilatın ötənilki fəaliyyəti ilə bağlı hesabatın qəbul olunması və idarə heyətinin yeni tərkibinin seçilməsidir.
Tədbirin açılışında ARGTMŞ-nin baş katibi Seymur Hüseynov iştirakçılara Şuranın fəaliyyəti, 3G strategiyası çərçivəsində dünyanın aparıcı gənclər platformaları - Avropa Gənclər Forumu, “Pan-Afrika” Gənclər Birliyi, Latın Amerikası, Afrika və Asiya ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri, eyni zamanda, Avropa Şurası, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların fəaliyyətində təmsil olunması haqqında məlumat verib. Baş katib, həmçinin ARGTMŞ ilə yığıncaqda iştirak edən gənclər platformaları arasında əməkdaşlıq imkanı məsələsinə toxunub.
“Gənclər platformalarının beynəlxalq əlaqələndirmə görüşü” təşkilatı idarə heyətinin üzvü, Avropa Gənclər Forumunun vitse-prezidenti Lloyd Russell-Moyle çıxışında tədbirin ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını qeyd edib. O, Şimal ilə Cənubu, Qərb ilə Şərqi birləşdirən Azərbaycanın dünyanın aparıcı gənclər platformaları arasında körpü rolunu oynadığını, gələcəkdə iştirakçı gənclər platformaları ilə ARGTMŞ arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini bildirib.
Noyabrın 2-dək davam edəcək tədbirdə təşkilatın yeni üzləri və idarə heyətinin tərkibi seçiləcək, qurumun növbəti illər üzrə strategiyası müəyyənləşdiriləcək.
“Gənclər platformalarının beynəlxalq əlaqələndirmə görüşü” təşkilatı dünyanın aparıcı beynəlxalq və regional gənclər platformalarını birləşdirir. Onun məqsədi gənclər platformalarının əlaqələndirilməsi və dünyanın mühüm beynəlxalq təşkilatları və gənclər platformaları arasında qarşılıqlı əlaqənin formalaşdırılmasıdır.