CƏMİYYƏT
Azərbaycanın korrupsiyaya qarşı mübarizədəki təcrübəsi yüksək qiymətləndirilib
Görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı, bu əlaqələrin dövlətlərimizin rəhbərliyi, həmçinin parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri ilə daha da möhkəmləndiyi bildirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb, məhkəmə sistemi təkmilləşdirilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Cəfərov ölkələrimiz arasında möhkəm müqavilə bazasına söykənən faydalı hüquqi əməkdaşlıqdan, Ədliyyə nazirliklərinin səmərəli işgüzar əlaqələrindən danışıb, Azərbaycanın və İtaliyanın Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasında uğurlu təmsil olunduqlarını və korrupsiyaya qarşı ciddi mübarizədə iştirak etdiklərini vurğulayıb.
Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran qonaq ölkəmizdə böyük inkişafın şahidi olduğunu bildirib. O, Azərbaycanda məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini təqdir edib. Qonaq İtaliyada məhkəmə sistemində mövcud problemlərin aradan qaldırılması üçün, habelə korrupsiya ilə mübarizədə bir çox Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətində olduğunu söyləyib. A.Marini ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin terrorçuluqla mübarizə məsələləri müzakirə olunub. Azərbaycanın erməni terrorizmindən əziyyət çəkməsi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü diqqətə çatdırılıb.
Sonra A.Marini nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.