CƏMİYYƏT
“Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verilib
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Mətbuat Şurası “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirilən layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir.
Layihə çərçivəsində Lənkəranda və Qubada, həmçinin paytaxt Bakıda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”ların və konfransın təşkili planlaşdırılır.
“Dəyirmi masa”larda və konfransda kütləvi informasiya vasitələrinin təmsilçilərinin, dilçi alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.