CƏMİYYƏT
Azərbaycanın startap komandası ABŞ universiteti ilə danışıqlara başlayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycanın startap layihəsi "Braille Pad" ABŞ-da Kaliforniya Universiteti ilə birgə fəaliyyət haqqında danışıqlara başlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda Los-Ancelesdə danışıqlar aparan komanda "hardware" və "software" işlərinin, o cümlədən marketinq araşdırmalarının birinci mərhələsini tamamlamaq niyyətindədir. Universitetin materialşünaslıq və mühəndislik bölməsinin professoru Qibing Pey və layihənin həmtəsisçisi Murquz Tağıyev arasında keçirilən görüşdə artıq razılıq əldə edilib.
Layihənin rəhbəri Rəşid Əliyevin sözlərinə görə, komanda üzvləri yaxın günlərdə təkliflərin qiymətləndirilməsinə başlayacaqlar. Prosedur qaydalarına uyğun olaraq, müvafiq şərtlərin icrası başa çatdıqdan sonra tərəflər arasında müqavilənin bağlanması nəzərdə tutulur.
Qeyd edək ki, layihənin əsas məqsədi görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunmasıdır.