ELM VƏ TƏHSİL
Azərbaycanın uğurlu gələcəyi bu günün tələbə gənclərindən asılıdır
Bakı, 4 may, Kifayət Əliyeva, AZƏRTAC
Mayın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və gənc tədqiqatçıların “Gənclər və yeni texnologiyalar” mövzusunda respublika elmi-texniki konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbirin məqsədi müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələri müasir elmi yeniliklər ilə, Ulu Öndərin təhsil və elm sahəsində xidmətləri ilə tanış etməkdir.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğısını xüsusi vurğulayıb, Ulu Öndərin "Dövlət gənclər siyasəti haqqında" 1999-cu il 29 iyul tarixli Fərmanının əhəmiyyətindən söz açıb.
Rektor vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aydındır ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindəndir. Xarici ölkələrə təhsil almağa göndərilən gənclərin sayı ildən-ilə artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində beş min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub.
Bildirilib ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, biznes strukturlarında və digər sahələrdə layiqincə təmsil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər.
H.Məmmədov qeyd edib ki, müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azad edilməsi sahəsində gənclərimizin üzərinə böyük vəzifələr düşür. Gənclərimiz təhsildə müvəffəqiyyət qazanmaqla yanaşı, vətənin layiqli övladları kimi yetişməlidirlər. Çünki Azərbaycanın uğurlu gələcəyi bu günün tələbə gənclərindən asılıdır.
Plenar iclasda “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Virtual maşınlar üzərindən infrastrukturun idarə olunması” və digər mövzularda məruzələr dinlənilib.
Sonra konfrans işini 12 bölmədə - "Avtomatika və kompyuter texnikası", "Radiotexnika və rabitə", "Elektrotexnika və energetika", "Metallurgiya", "Texnoloji maşınlar", "Nəqliyyat", "Maşınqayırma", “Xüsusi texnika və texnologiya”, "Mühəndis biznesi və menecment", "Təbiət və fundamental elmlər", "Dillər", "Humanitar elmlər" bölmələrində davam etdirib.
Bölmə iclaslarında "Heydər Əliyev və şifahi xalq ədəbiyyatı”, "Heydər Əliyev və Azərbaycanda nitq mədəniyyəti”, "Heydər Əliyev fenomeni”, “Heydər Əliyevin din siyasəti” və digər mövzularda məruzələr dinlənilərək müzakirə olunub.
Elmi-texniki konfrans mayın 6-dək davam edəcək.