İDMAN


Azərbaycanın və İranın kişi voleybolçuları qızıl medal uğrunda mübarizə aparacaqlar

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışında yarımfinal görüşləri oynanılıb.

AZƏRTAC xəbər verir ki, yarımfinalda qalib gələn Azərbaycan və İran milli komandaları finala yüksəliblər.

Yarımfinalda Türkiyə yığması ilə qarşılaşan iranlı voleybolçular çətin oyundan 3:2 hesablı qələbə ilə ayrılıblar. Matçın birinci hissəsini Türkiyə millisi öz xeyrinə bitirib - 25:18. Lakin ikinci setdə iranlı voleybolçular 25:21 hesabı ilə qalib gələrək hesabı bərabərləşdiriblər. Qarşılaşmanın üçüncü hissəsində Türkiyə yığması yenidən hesabda irəli çıxıb - 25:23. Dördüncü setdə İran komandası 25:21 hesabı ilə üstün olub. Gərgin və maraqlı keçən beşinci setdə daha dəqiq oynayan İran təmsilçiləri rəqiblərini 20:18 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin ediblər.

İkinci yarımfinal görüşündə Azərbaycan millisi Əlcəzair yığmasına 3:1 hesabı ilə qalib gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən birinci set 28:26 hesabı ilə Azərbaycan millisinin xeyrinə yekunlaşıb. Komandamız görüşün ikinci hissəsində də rəqibdən üstün olub - 25:21. Üçüncü setdə Əlcəzair kollektivi 20:25 hesabı ilə qalib gələrək hesab arasındakı fərqi azalda bilib. Dördüncü setdə inamlı oyun nümayiş etdirən voleybolçularımız 25:21 hesabı ilə qələbə qazanaraq finala yüksəliblər.

Azərbaycan millisi final qarşılaşmasında İran yığması ilə üz-üzə gələcək.

Türkiyə və Əlcəzair komandaları isə bürünc medal uğrunda yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.