CƏMİYYƏT


Azərbaycanın və İsrailin daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı müzakirə olunub

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmin olunmasında daxili işlər orqanlarının əməkdaşları böyük əmək sərf edirlər.

Bu fikirlər iyulun 5-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə İsrailin ölkəmizdəki səfiri Dan Stav arasında keçirilən görüşdə səslənib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Usubov xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını, ikitərəfli münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin mühüm rolunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Dövləti rəhbərlərinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyi diqqətə çatdırılıb.

Sonra diplomata DİN-in strukturu, əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar və mövcud kriminogen durum barədə məlumat verib.

Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının İsraildə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqları, İsrailin aidiyyəti strukturları ilə işgüzar əlaqələrin olduğu diqqətə çatdırılıb. Hər iki ölkənin Daxili İşlər nazirlikləri səviyyəsində əlaqələrin genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğu bildirilib.

Problemlərə toxunularkən xüsusən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının vacibliyi qeyd edilib.

Səfir Dan Stav bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi Günü, habelə Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb. Diplomat ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün respublikamızın ən təhlükəsiz dövlətlərindən biri olduğunu vurğulayıb.

O, ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.