CƏMİYYƏT
Azərbaycanın və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr yeni mərhələyə qədəm qoyub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Ali Məhkəmədə Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan ilə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib. R.Rzayev bu münasibətlərin uğurla inkişaf edərək nəinki ikitərəfli səviyyədə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də genişləndiyini vurğulayıb.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdırıb. O, bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində əksini tapması barədə qonaqlara məlumat verib. R.Rzayev Türkiyə Respublikası Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Nümayəndə heyətinin başçısı Zühtü Arslan Türkiyə Konstitusiya Məhkəməsinin yaranma tarixindən və fəaliyyətindən danışıb, ölkələrimiz arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində görülən işlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Qonaqlar Ali Məhkəmənin inzibati binasında məhkəmə tarixi muzeyinə baxıb, hakimlərin iş şəraiti ilə tanış olublar.