CƏMİYYƏT
Azərbaycanlı alim Avropa Nevroloji Akademiyasının üçüncü konqresində iştirak edib
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova Amsterdamda Avropa Nevroloji Akademiyasının üçüncü konqresində iştirak edib.
AZƏRTAC xəbər verir ki, konqreslə bağlı ATU-nun mətbuat xidmətinə məlumat verən S.Hüseynova bildirib ki, hər il Avropa Nevroloji Akademiyası tərəfindən müxtəlif ölkələrdə keçirilən konqresdə altı mindən çox iştirakçı qatılır.
Tədbirdə nevrologiyanın bütün sahələrini (irsi xəstəliklər, sinir-əzələ xəstəlikləri, sinir sisteminin infeksion xəstəlikləri, baş beyinin damar xəstəlikləri, epilepsiya, baş ağrısı, dağınıq skleroz, motoneyron xəstəlikləri, hərəki pozuntular və s.) əhatə edən aktual mövzular müzakirə olunub. Bundan əlavə, konqresdə müxtəlif məruzələr dinlənilib, simpoziumlar və öyrədici kurslar keçirilib, nevrologiya sahəsinə aid müxtəlif xəstəliklərin diaqnostikasında və müalicəsində olan ən son yeniliklər, perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Klinik neyrofiziologiyanın onu maraqlandıran əsas sahə olduğunu qeyd edən S.Hüseynova konqresə qatılmaqda əsas məqsədinin bu sahədə biliklərini genişləndirmək və təkmilləşdirmək olduğunu qeyd edib.