ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının medalı ilə təltif olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Rusiya Təbiət Elmləri Akademiyası idarə heyətinin qərarına əsasən akademiyanın xarici həqiqi üzvü, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədov V.Vernadski medalı ilə təltif edilib.
Azərbaycan Mühəndislik Akademiyasından AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata elmi və ictimai hərəkatın inkişafında əhəmiyyətli xidmətinə görə layiq görülüb.
Ə.Canəhmədov bir sıra xarici akademiyaların həqiqi üzvü, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının baş redaktorudur.
Alimin elmi fəaliyyətinin əsas istiqamətləri tribologiya, sinergetika və fraktallar, materialların dağılma mexanikası, friksion qarşılıqlı təsirin mezomexanikasıdır.
Professor Ə.Canəhmədov səkkiz monoqrafiyanın, elmi kəşfin, 350-dən artıq elmi məqalə və patentin müəllifi və həmmüəllifidir.