CƏMİYYƏT
Azərbaycanlı gənc BMT-nin Cenevrə bölməsində təşkil olunan forumda çıxış edib
Cenevrə, 5 iyun, AZƏRTAC
BMT-nin Cenevrə bölməsində BMT İnsan Hüquqları Şurasının Gənclər Forumu keçirilib. BMT və Dünya Gənc Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanı və qardaş Türkiyəni İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) gənclər hərəkatı üzrə sədr müavini Səyyarə Hüseynova təmsil edib.
Forum BMT İnsan Hüquqları Şurasının 35-ci sessiyası ərəfəsində gənclərin problemlərinin müzakirəsi və “yol xəritəsinin” hazırlanıb Şuraya təqdim edilməsi məqsədilə təşkil olunub. Forumda gəncləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.
Təmsilçimiz forumda işçi qrupunun rəhbəri kimi çıxış edərək gənclər təşkilatları ilə BMT münasibətlərinin institusionallaşdırılmasını və BMT-də gənclərin problemlərini araşdıran gənc məruzəçilərin seçilməsini təklifi edib. O, məcburi köçkün ailələrindən olan gənclərin hüquqlarının müdafiəsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Forumun sonunda qəbul edilən bəyannamədə gənclərin BMT-də qərar vermə proseslərinə cəlb olunması, BMT strukturları ilə gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi və münasibətlərin institusionallaşdırılması, gənclərin məşğuliyyəti problemlərinə diqqətin artırılması, gənclərin sağlamlığı üçün düzgün maarifləndirmə işlərinin aparılması, gənclər siyasətinin həyata keçirilməsində effektivliyin artırılması və s. təkliflər əksini tapıb.
Qeyd edək ki, forumda ölkəmizi təmsil edən gəncimiz "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda bakalavr və magistratura pillələrində təhsil alıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə