CƏMİYYƏT
Azərbaycanlı gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin regional idarəsinin qonağı olublar
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycanlı gənclər Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin Kasablanka şəhərində yerləşən regional idarəsinin qonağı olublar.
AZƏRTAC xəbər verir ki, idarənin rəhbəri Aziz Motassim azərbaycanlı gəncləri inzibati bina ilə tanış edib. Görüşdə şəhər barədə ümumi məlumat verən Aziz Mottasim gənclərlə bağlı görülən işlər, idarənin əsas məqsədləri və fəaliyyətləri barədə danışıb. Bildirib ki, Kasablankada gənclər çoxluq təşkil edir və Mərakeşin iqtisadi şəhəridir.
İdarə rəhbəri fəaliyyət göstərən gənclər evlərindən də söz açıb. “Gənclər bu evlərdən öz vaxtlarını səmərəli keçirmək üçün istifadə edirlər. Həmçinin burada könüllülər də çalışır, onlar da ümumi işə öz töhfələrini verirlər”, - deyə A.Motassim vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmisi Vüsal Kərimov göstərilən xüsusi diqqətə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib. O, Azərbaycan və Mərakeş arasında gənclər sahəsində aparılan işlərin bir-birinə yaxın olduğunu, birlikdə daha çox işlər görüləcəyini və birgə layihələrin reallaşdırılacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə müxtəlif gənclər təşkilatlarının nümayəndələrinin avqustun 8-dən 18-dək Mərakeş Krallığına səfəri həyata keçirilir.