İDMAN
Azərbaycanlı şahmatçılar Poti Beynəlxalq Şahmat Festivalında yaxşı nəticə göstərirlər
Bakı, 18 iyul, AZƏRTAC
Potidə gürcü şahmatçısı, qrossmeyster və beynəlxalq usta Nana Aleksandriyanın məktəbi tərəfindən təşkil olunan XI festival davam edir.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turda keçirilən “A” turnirində 66 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir. Azərbaycanı təmsil edən 49 şahmatçıdan beynəlxalq turnirin medalları uğrunda qrossmeyster Zaur Məmmədov, beynəlxalq usta Nərmin Məmmədova, FIDE ustaları Niyazi Nağdıyev, Andrey Mustafin, Murad Nuri, ustalığa namizədlər Kənan Qarayev, Fərid Aslanov, Aydın Süleymanlı və başqaları mübarizə aparırlar.
“A” turnirində altı turdan sonra gürcü Giga Kuparadze və rusiyalı Boris Savçenko liderlik edir. Onların hər biri 5 xal toplayıb. Dörd şahmatçı, o cümlədən azərbaycanlı qrossmeyster Zaur Məmmədov onlardan 0,5 xal geri qalır. Azərbaycan təmsilçiləri sırasında, həmçinin Araz Babayev, Zahid Allahverdiyev, Novruz Əhmədov (hər biri 4,5 xal), Fərid Mustafayev, Mustafa Məmmədov, Fərhad Fərhadlı, İbrahim Kərimov, Nicat Mansurov (hər biri 4 xal) müxtəlif yaş kateqoriyalarında ən yaxşı nəticələri göstərirlər.
XI Poti Beynəlxalq Şahmat Festivalının qalibləri iyulun 20-də müəyyən ediləcək.