ELM VƏ TƏHSİL


Azərbaycanlı tədqiqatçılar Yaponiyada seminarda iştirak ediblər

A+ A

Tokio, 15 dekabr, AZƏRTAC.

Dekabrın 5-dən 13-dək Yaponiyanın Çukuba Universitetində təşkil edilən “Cənubi Qafqaz ölkələri + Moldova” yapon dilinin və mədəniyyətinin tədqiqi üzrə beynəlxalq seminarda azərbaycanlı alim və tələbələr də iştirak ediblər.

Seminarda Azərbaycan tərəfdən ADU-nun Yapon Mərkəzinin rəhbəri, yapon dili müəllimi Yaşar İbrahimov və “ADA” Universitetinin xarici əlaqələr şöbəsinin müdiri Rəhman Şahhüseynli iştirak ediblər. Y.İbrahimov Azərbaycanda yapon dilinin tədrisi, R. Şahhüseynli isə Cənubi Qafqaz ölkələri üçün Yaponiya sülh təcrübəsinin uyğunluğunun araşdırılması mövzusunda tədqiqatı ilə bağlı məlumat veriblər.

Tədbir çərçivəsində Saytama prefekturasına səfər edən seminar iştirakçıları burada Urava Yapon Dili Beynəlxalq Mərkəzinin iş prinsipi və kitabxanası ilə tanış olublar.

Dekabrın 9-da keçirilən Tələbə Forumunda ölkəmizi ADU-dan Eldəniz Kərimov, “ADA” Universitetindən isə Zərifə Behbudzadə təmsil ediblər. Azərbaycanlı tələbələr ölkəmizin mədəniyyəti ilə bağlı məlumat verib, digər ölkələrdən gələn tələbələrlə müzakirələrə qatılıblar. Azərbaycanlı tələbə E.Kərimov yapon şeir janrı olan “hayku” müsabiqəsinin qalibi mükafatına layiq görülüb.

Səfər çərçivəsində iştirakçılar digər yapon mədəniyyət nümunələri ilə tanış olub, yapon dili dərslərinə və “Kirin” pivə zavoduna ekskursiyaya qatılıb, Uşiku Daybutsu məbədini ziyarət ediblər.

Seminarla bağlı təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Y.İbrahimov bildirib ki, tədbir iştirakçı ölkələr arasında dostluq münasibətlərinin genişlənməsi, yapon dilinin inkişafı, elmi fikirlərin və tədqiqat əsərlərinin mübadiləsi, mədəniyyətlər arasında mövcud fərqlərin qarşılıqlı müzakirəsi baxımından çox əhəmiyyətli olub.

Qeyd edək ki, cari ilin martında Çukuba Universiteti ilə həm Azərbaycan Dillər Universiteti (ADU), həm də “ADA” Universiteti arasında tələbə mübadiləsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən 2016-cı ildən etibarən həmin ali məktəblərin tələbələri Çukuba Universitetində yapon və ingilis dillərində təhsil təcrübəsi keçmək hüququ qazanıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.