ELM VƏ TƏHSİL
Azərbaycanlı təhsil işçisi beynəlxalq festivalda iştirak edib
Bakı, 14 avqust, AZƏRTAC
Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, əməkdar müəllimi, Almaz Həsrət avqustun 10-dan 12-dək Rusiyanın Tatarıstan Respublikasının Elabuqa şəhərində keçirilən VI Beynəlxalq müəllimlər festivalında iştirak edib.
Tədbirə ABŞ, Rusiya, Almaniya, Fransa, İsrail, Tailand, İsveçrə, Moldova, və Belarusdan 500-dən çox təhsil işçisi qatılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, A.Həsrət festivalda “Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində” mövzusunda xüsusi ustad dərsi keçirib.
Azərbaycanın təhsil sistemində son illərdə görülən işlərdən, həyata keçirilən layihələrdən, bu sahəyə dövlət qayğısından danışan A.Həsrət qarşıda duran vəzifələrdən də söz açıb.
Festival çərçivəsində mühazirələr, “dəyirmi masa”lar, işgüzar oyunlar, ustad dərsləri, treninqlər, aparıcı pedaqoji təcrübəni əks etdirən təqdimatlar, sərgilər, mədəni və sağlamlaşdırıcı proqramlar, tədris-metodiki ədəbiyyat yarmarkası, yaradıcı və professional müsabiqələr təşkil edilib.
Festivalda azərbaycanlı təhsil işçisinin işi ən yaxşı ustad dərsi kimi diploma layiq görülüb.