CƏMİYYƏT
Azərbaycanlı veteranlar “Birlikdə qazanılmış böyük Qələbə” Forumunda iştirak edirlər
Moskva, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Moskvada “Birliklə qazanılmış böyük Qələbə” Beynəlxalq Qaliblər Forumu keçirilir. “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondunun və “Şimal-Cənub” Politologiya Mərkəzinin birgə təşkil etdiyi forumda azərbaycanlı müharibə veteranları - birinci Belarus cəbhəsində döyüşmüş Daməd Nəbiyev, üçüncü Belarus cəbhəsinin veteranı Bəkir Məmmədov, Leninqrad blokadasının iştirakçısı İrina Qədirova, ictimaiyyətin təmsilçiləri, jurnalistlərdən ibarət böyük nümayəndə heyəti iştirak edir.
Foruma qatılan 15 postsovet respublikasının nümayəndə heyətləri əvvəlcə “Poklonnaya Qora” yüksəkliyində Rusiya Böyük Vətən Müharibəsi Muzeyinin qarşısında ucaldılmış “Qalibiyyət əsgəri” abidəsi önünə əklillər qoyub.
Sonra muzeydə işə başlayan forumda Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və başqaları çıxış edərək faşizm üzərində Qələbədə MDB ölkələri xalqlarının fədakarlığını vurğulayıblar.
Daha sonra Böyük Vətən Müharibəsi Muzeyinin “Şərəf” zalında nümayəndə heyətlərinin Rusiya hökumətinin sədri Dmitri Medvedev ilə görüşü keçirilib. Rusiya hökumətinin başçısı çıxışında bildirib ki, Böyük Vətən müharibəsində Qələbə keçmiş Sovet İttifaqına daxil olan bütün xalqların ümumi qələbəsidir və biz döyüş bölgələrində, arxa cəbhədə qəhrəmanlıq göstərən hər kəsi minnətdarlıqla xatırlayırıq. O, həmçinin vurğulayıb ki, indiki dövrdə Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı hamılıqla mübarizə aparılmalıdır.
Sonra Dmitri Medvedev “Şərəf” zalında açılmış “Biz nasizmlə mübarizədə birlikdə idik” mövzusunda sərgi ilə tanış olub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Rusiyadakı səfirliyinin birgə hazırladığı milli ekspozisiyamızda 416-cı Taqanroq atıcı diviziyası haqqında məlumatlar, bu hərbi birləşmənin azərbaycanlı döyüşçülərinin şəkilləri, Tahir Salahovun “Naməlum əsgər”, Vidadi Nərimanbəyovun “Yolda” tabloları, general-mayor Hacıbaba Zeynalova məxsus yapıncı və digər eksponatlar nümayiş etdirilir. Azərbaycan stendi, xüsusilə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlı müharibə veteranları ilə görüşlərini əks etdirən fotoşəkillər Dmitri Medvedevin marağına səbəb olub.
Forum işini bölmə iclasları ilə davam etdirir. İştirakçılar “Böyük Qələbə MDB xalqlarının tarixində”, “Tarixi yaddaşın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mexanizmi”, “Böyük Qələbə nəsillərin sərvətidir”, “KİV-lər müharibə haqqında: missiya və məsuliyyət sərhədi” mövzularını müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva