QAN YADDAŞI
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Respublika Veteranlar Təşkilatında anım tədbiri keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar, o cümlədən 31 Mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan öldürülüb. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XIX əsrin əvvəllərindən etibarən azərbaycanlıları tarixən yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurublar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən anım mərasimində səslənib.
Mərasimdə əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb. Bildirib ki, 1905-1907-ci illərdə Bakıda və Azərbaycanın digər bölgələrində, habelə indiki Ermənistan ərazisində xalqımıza qarşı qanlı qırğınlar törədilib. Ermənilər Bakıda soyqırımı törətməyə 1918-ci ilin yanvarında cəhd etsələr də, onların bu planı baş tutmayıb. Lakin erməni şovinistləri bu məkrli niyyətlərini 1918-ci ilin martında həyata keçirərək on minlərlə günahsız insanı qətlə yetiriblər. Soyqırımının ildönümləri 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Bu qanlı cinayətlərə görə layiqli cəzalarını almayan ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərində daha bir soyqırımı törədərək yüzlərlə azərbaycanlını qətlə yetiriblər.
Qeyd olunub ki, mart soyqırımına ilk hüquqi-siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, xalqımız hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə qeyd edir.
Azərbaycanın tarixi, o cümlədən xalqımıza qarşı törədilən soyqırımları ilə bağlı gənc nəslin məlumatlandırılması işində veteranların yaxından iştirak etdiklərini vurğulayan C.Xəlilov veteranlara göstərilən diqqət və qayğının onları daha da ruhlandırdıqlarını deyib.
Tədbirdə digər çıxış edənlər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə yanaşı, həmçinin ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı qətliamı barədə də danışıblar. Ermənistanın əzəli Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda həyata keçirdikləri qəsbkarlıq siyasəti nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyü, ərazilərimizin 20 faizinin işğal altında olması qeyd edilib.