İQTİSADİYYAT


“Azercell” tələbələri Təqaüd Proqramında iştirak etməyə dəvət edir

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

“Azercell” tələbələri Təqaüd Proqramında iştirak etməyə dəvət edir.

“Azercell Telekom” MMC-nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd Proqramı çərçivəsində ölkəmizin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər.

“Azercel”dən AZƏRTAC-a bildirilib ki, şirkətin əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Tələbə Təqaüd Proqramı haqqında məlumatlandırıblar. Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Tələbə Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər. Proqramın əsas məqsədi yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə “Azercell” şirkətinin təqaüdçüsü adına layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.