CƏMİYYƏT
“Azərikimya”da təcrübə keçən tələbələr Sumqayıtın Tarix Muzeyində olublar
Sumqayıt, 27 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə gələcəyin kimya mütəxəssislərinin təcrübi biliklərinin artırılması, onlarda kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanması məqsədilə “Yay təcrübəsi proqramı” həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasının, “Qafqaz” Universitetinin, Bakı Ali Neft Məktəbinin və Sumqayıt Dövlət Universitetinin kimya və kimya mühəndisliyi fakültələrinin bir qrup tələbəsi Birliyin Etilen-polietilen zavodunda iki iş həftəsi ərzində istehsalat təcrübəsi keçiblər.
AZƏRTAC xəbər verir ki, tələbələr Birliyin Etilen-polietilen zavodunun buxar-generator kompleksi, susoyutma qurğusu, azot-oksigen kompleksi, etilen və polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərini artırıb, nəzəri biliklərini təcrübədə daha da zənginləşdiriblər.
Yay təcrübəsinin ilk günlərindən başlayaraq tələbələr əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və risklərin idarə olunması üzrə davamlı olaraq təlimlərdə iştirak ediblər.
Sosialyönümlü tədbirlərdən də kənarda qalmayan tələbələr Birlik rəhbərliyinin təşəbbüsü ilə Sumqayıtın Tarix Muzeyində də olublar. Sabahın kimyaçılarına şəhərin yaranma tarixi, sənaye potensialı və inkişaf istiqamətləri haqqında geniş məlumat verilib.