CƏMİYYƏT
“Azərinşaatservis” ASC-nin işçilərinin gecikdirilmiş əmək haqları işçilərə tam ödənilib
Bakı, 27 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən gecikdirilmiş əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlərin davamı olaraq, “Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının 2 noyabr 2015-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdikləri müraciətə əsasən, qeyd olunan Səhmdar Cəmiyyətin işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb.
Araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əmək haqlarının ödənilməsinin cari ilin may ayından, yəni uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 milyon 362 min 875 manat məbləğində əmək haqqı borcunun yarandığı müəyyən edilib.
İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əmək haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib. Beləliklə, əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranmış narazılıq aradan qaldırılıb.
Xidmət tərəfindən vətəndaşların müraciətlərinə uyğun olaraq, onların əmək hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.