İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyində keçirilən tədbirdə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs olunub
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev açaraq, bu əlamətdar hadisənin tarixi əhəmiyyətindən danışıb. O, “Əsrin müqviləsi”nin imzalanmasının 20-ci ildönümünü ARDNŞ-in digər müəssisələri kimi, “Azəriqaz” İB-də də böyük ruh yüksəkliyi və nailiyyətlərlə qarşılandığını vurğulayıb.
Əlamətdar yubileyə dair məruzə ilə çıxış edən birliyin baş direktorunun ümumi məsələlər üzrə müavini Nazim Tağıyev bildirib ki, kollektiv üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək bu tarixi müqavilənin ildönümünü və peşə bayramlarını qaz təsərrüfatında qazanılan uğurlarla qeyd edir. Belə ki, “Azəriqaz” İB-nin fəaliyyət göstərdiyi 2009-2014-cü illər ərzində 26 min kilometrdən çox yeni qaz kəmərləri quraşdırılıb, təxminən 8 min kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 691 yaşayış məntəqəsi qazlaşdırılıb. Görülən işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,7 milyonu keçib.
Digər çıxış edənlər də “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda səmərəli və nümunəvi əmək fəaliyyətinə görə “Azəriqaz” İB-nin bir qrup işçisinə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.