İQTİSADİYYAT
“Azəriqaz” keçən il 209 yaşayış məntəqəsini qazlaşdırıb
Bakı, 9 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əhali istehlakçılarının mənzillərində istifadə edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2016-cı il ərzində 7 min 805 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 279 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il ərzində 209 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilib.