REGİONLAR
“Azərişıq” ASC Aran bölgəsində yenidənqurma işlərini davam etdirir
Bakı, 2 avqust, AZƏRTAC
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən ölkə üzrə elektrik enerjisinin təchizatı istiqamətində aparılan yenidənqurma işləri Aran bölgəsində davam etdirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, yeddi regional idarə üzrə yaradılmış “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ilə bağlı tədbirlər planı hazırlanıb. “Aran” RETSİ-nin struktur tərkibinə daxil olan İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcabədi, Füzuli, Ağdam, Kürdəmir, Zərdab elektrik şəbəkələri üzrə təmir-bərpa işləri aparılıb.
İdarənin balansında olan elektrik şəbəkələrində son 5 ayda ardıcıl iş yerinə yetirilib. Bu müddətdə Ağdam rayonunda 7, Füzuli rayonunda isə 5 komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq istifadəyə verilib. Ağdam rayonunun Quzanlı qəsəbəsində 609-0011 saylı, Füzuli rayonunun Bəhmənli kəndində 606-0110 saylı KTM-lər quraşdırılıb. Bir çox ərazilərdə isə kabelləşmə işləri yekunlaşıb.
Sabirabad rayonunda ofis binasının tikintisi başa çatdırılıb. Zərdab-Əlvənd hava xəttində 35 kilovoltluq birdövrəli “Nəzərallı” elektrik verilişi hava xəttinin yenidən qurulması işləri də uğurla həyata keçirilib.
Ümumilikdə, “Aran” RETSİ üzrə 92 KTM quraşdırılıb və 60-dan çoxu elektrik şəbəkəsinə qoşulub. İdarə üzrə yeni sayğaclar gətirilib. Hazırda regionun hər bir şəhər, qəsəbə və kəndinin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf edilən enerjinin dəyərinin ödənilməsi ilə əlaqədar işlər davam etdirilir.