MƏDƏNİYYƏT
BƏXTİYAR VAHABZADƏYƏ RUMINİYANIN ORDENİ TƏQDİM OLUNMUŞDUR
Xəbər verdiyimiz kimi, xalq şairi, Milli Məclisin deputatı, akademik Bəxtiyar Vahabzadə Rumıniyanın “Ləyaqət” ordeninə layiq görülmüşdür. Rumıniyanın Bakıdakı səfirliyində bu mükafatın təqdim edilməsi mərasimi olmuşdur.
Ziyalıların, elm və sənət adamlarının iştirak etdikləri mərasimdə Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycan mədəniyyətinin Rumıniyada təbliğinə, Azərbaycan-Rumıniya mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə, yaradıcılığı ilə milli ədəbiyyata və dünya ədəbiyyatına layiqli töhfələr verdiyinə görə Bəxtiyar Vahabzadənin “Ləyaqət” ordeni ilə təltif olunması barədə Rumıniya prezidenti İon İlyeskunun fərmanı oxundu. Rumıniyanın Bakıdakı səfiri Tasın Cəmil ordeni şairə təqdim etdi.
Səfir bildirdi ki, MDB məkanında bu ordenə ilk dəfə Bəxtiyar Vahabzadə layiq görülmüşdür.
Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək qiymət verildiyinə görə təşəkkür edərək dedi:
- Bu orden yalnız mənə aid deyil. Mənim simamda Azərbaycan dövlətinə, xalqımıza, respublika Prezidentinə olan məhəbbətdir, münasibətdir. Arzu edərdim ki, bu münasibətlər getdikcə daha da dərinləşsin. Bu dostluq əlaqələri nə qədər dərin olarsa, xalqlarımız bundan bir o qədər çox faydalana bilərlər.
Mərasim iştirakçıları xalq şairini yüksək mükafat münasibətilə təbrik etdilər, ən xoş arzularını bildirdilər.