SİYASƏT
BÖYÜK BRİTANİYA PARLAMENTİ LORDLAR PALATASI ÜZVÜNÜN BAKIYA SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Böyük Britaniya parlamenti lordlar palatasının üzvü, Dünya Yəhudi Konqresinin vitse-prezidenti lord Caner sentyabrın 11-də Bakıya gəlmişdir.
Sentyabrın 12-də Böyük Britaniyanın ölkəmizdəki səfirliyində keçirilmiş görüşdən sonra lord Caner və onu müşaiyət edən şəxslər Şəhidlər xiyabanında olmuş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur oğul və qızlarımızın xatirəsini yad etmişlər.
Şəhidlərin məzarları üstünə gül qoyularkən lord Canerə məlumat verilmişdir ki, burada dəfn olunan, Azərbaycan torpağını müdafiə etmiş milli qəhrəmanlar arasında yəhudi Albert Aqaronov da var.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin iqamətgahında Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri ilə görüş keçirilmişdir.
Haci Allahşükür Paşazadə görüşü açaraq, Azərbaycandakı dini vəziyyət barədə ətraflı məlumat vermiş, müxtəlif dini konfessiyaların nümayəndələrinin əməkdaşlığından və qarşılıqlı hörmətindən danışmışdır.
Avropa yəhudiləri icmasının rəhbəri Gennadi Zelmanoviç, dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, Gürcüstan yəhudiləri icmasının rəhbəri Mark Balaqaşvili, rus pravoslav kilsəsi Bakı eparxiyasının nümayəndəsi çıxış edərək, Azərbaycanda dini dözümlülükdən danışmış, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınmasının ölkənin bütün millətlərdən olan vətəndaşlarının başlıca problemi olduğunu vurğulamışlar.
Sonra lord Caner Azərbaycan Konstitusiya Məhkəməsində hakimlərlə görüşmüşdür. Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov məhkəmə-hüquq sistemi sahəsində aparılan islahatlar, onların həyata keçirilməsində Konstitusiya Məhkəməsinin rolu barədə məlumat vermişdir.
Lord Caner Bakının görməli yerlərini gəzdikdən sonra Milli Məclisdə Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür. Parlamentlərarası dostluq qrupunun üzvü, Milli Məclisin deputatı Vaqif Allahverdiyev və digər deputatlar Azərbaycan parlamentinin fəaliyyətindən danışmışlar. lord Caner də Böyük Britaniya parlamentinin strukturu və fəaliyyəti barədə deputatlara məlumat vermişdir. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı məsələlərinə dair geniş fikir mübadiləsi dəaparılmışdır.