CƏMİYYƏT
Badamdar qəsəbəsinin içməli su və kanalizasiya infrastrukturu yenidən qurulacaq
Bakı, 24 noyabr, AZƏRTAC
Badamdar qəsəbəsinin içməli su və kanalizasiya infrastrukturu yenidən qurulacaq.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlanılır. Belə ki, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə tender elan edilib. Bu layihə çərçivəsində Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Badamdar qəsəbəsində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması üçün 5,5 kilometr uzunluğunda magistral su xətti çəkiləcək, 57 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 3959 ünvana birləşmə veriləcək. Yanğın təhlükəsizliyi məqsədilə qəsəbə ərazisində 210 yanğın hidrantı quraşdırılacaq.
Badamdar qəsəbəsinin kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi çərçivəsində 49,6 kilometr kanalizasiya şəbəkəsi yaradılacaq, 3 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa ediləcək. Yeni yaradılacaq kanalizasiya şəbəkəsinə 3959 ünvan qoşulacaq.