İQTİSADİYYAT


Bakı-Aktau və əks istiqamətdə yükdaşımaların həcmi artıb

A+ A

Bakı, 2 avqust, Elvin Camalov, AZƏRTAC

Bakı-Aktau və əks istiqamətdə yükdaşımaların həcmi artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Maminin rəhbərlik etdiyi nümayəndə heyətinin Ələt qəsəbəsindəki yeni Bakı Limanına işgüzar səfəri zamanı məlumat verilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qonaqlara limanın fəaliyyət prinsipləri, burada tətbiq olunan və dünya standartlarına cavab verən prosedurlar barədə danışıb. Qeyd edib ki, yüklərin qeydiyyatı operativ şəkildə, minimum bürokratik gecikmə ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Yeni Bakı Limanında əcnəbi sürücülərin dincəlməsi üçün müvafiq şərait yaradılıb, liman və bank xidmətləri isə günün 24 saatı işləyir.

Qonaqların diqqətinə çatdırılıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə yükdaşımanın həcmi 30 faizdən çox artıb. Tranzit yüklərin əsas artım istiqaməti Bakı-Aktau və əks istiqamətdə qeydə alınıb. Belə ki, iri həcmli nəqliyyat vasitələri və digər avtomobillərin 53 faiz, TEU ekvivalentində konteynerlərin isə 20 faizi Bakı-Aktau-Bakı istiqamətində baş tutub.

“Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırdıqlarını qeyd edib. Onun sözlərinə görə, həm Aktau limanı, həm də inşası həyata keçirilən Kurık limanı Xəzər dənizində yükdaşımanın həcminə müsbət təsir göstərəcək. Buradan yeni Bakı Limanına hərəkət edəcək mövcud və yeni bərələrdən istifadə olunacaq. Ən əsası isə Kurık ətrafında yeni Bakı Limanında olduğu kimi Azad Ticarət Zonası yaradılacaq. Təkcə Kurık limanının gündə 5 bərəyə xidmət göstərərək, ildə əlavə 4 milyon ton yükün aşırılmasını təmin edəcəyi gözlənilir. Bununla da, ümumiyyətlə Çinlə Avropanı birləşdirən Yeni İpək Yolu boyunca hərəkət edən yükün həcmi artmış olacaq.

Xatırladaq ki, Qazaxıstanın Baş nazirinin müavini Bakitjan Saqintayev cari ilin fevral ayının 15-də yeni Bakı Limanının fəaliyyət prinsipləri ilə tanış olmaq üçün Azərbaycana rəsmi səfər edib. Həmin dövrdən başlayaraq, Bakı və Aktau limanlarının əməliyyat prinsiplərinin sinxronlaşdırılması üçün qarşılıqlı səfərlər, təcrübə mübadiləsi həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.