ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi BİOLAB şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 9 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin BİOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsulları” mövzusunda seminar keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu ali məktəb ilə BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Sənədə əsasən, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, eləcə də elmi-praktik seminarlarda və konfranslarda BİOLAB əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı üçün şərait yaradılacaq. Həmçinin BANM-in əməkdaşları, tələbələri və BİOLAB şirkətinin əməkdaşları kitabxana-informasiya resurslarından istifadə imkanlarından faydalanacaqlar.
BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil ocağının uğurları, beynəlxalq əlaqələri, burada görülən işlər və perspektivlər barədə məlumat verib. Qeyd edilib ki, bu tədris ilində BANM-ə qəbul olan tələbələrdən 17-si Prezident təqaüdünə layiq görülüb. Rektor BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi tədqiqatlara cəlb etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi təmsil etdiyi qurum barədə danışıb. Vurğulanıb ki, BİOLAB özünün 30 ilik təcrübəsi ilə neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlığının təmin edilməsi, quraşdırılması, təlimlərin verilməsi və servis xidmətini həyata keçirir. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB dünyanın bir çox ölkələrində BP, Shell, Exxon, Türpaş və digər qlobal şirkətləri laboratoriya cihazları ilə təmin edib.
Seminarda yağ analizinin əhəmiyyəti, sənaye müəssisələri üçün əsas texnikalar və onların faydaları, istifadədə olan yağın keyfiyyəti və istifadə müddətinin, avadanlığın sazlığının monitorinqinin faydaları və digər məsələlər barədə məlumat verilib.