ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin məzunu Stenford Universitetinə magistr səviyyəsinə təqaüdlə qəbul olunub
Bakı, 10 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Riyad Muradov dünyanın ikinci ən nüfuzlu universiteti olan Stenford Universitetinə (ABŞ) magistr səviyyəsinə təqaüdlə qəbul olunub. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
R.Muradov 2012-ci ildə qəbul imtahanında 645 bal toplayaraq Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub. Bu il isə ABŞ-ın Stenford Universitetinin təqaüdlü magistri olmaq şansını qazanıb. “Həyatım boyu arzum olub ki, dünyanın ən nüfuzlu universitetlərdən birində təhsil alım və bu arzumu gerçəkləşdirməkdə mənə ən böyük dəstəyi məhz BANM verib. Stenford Universiteti “QS World University Rankings” beynəlxalq reytinq təşkilatının dünya üzrə ali təhsil müəssisələrinin reytinq cədvəlində ikincisidir. Belə qabaqcıl universitetə qəbul olmaq üçün gərək daim öz üzərində işləyəsən, yaxşı oxuyarsan, məqsədinə nail olmaqda israrlı olasan. Bundan əlavə, məqsədə doğru düzgün yolu tapmalısan. Əvvəlcə mən IELTS imtahanlarından uğurla keçdim, sonra GRE imtahanı verdim, BANM-də aldığım qiymətlərim üzrə ümumi orta müvəffəqiyyət göstəricim də yüksək oldu. İmtahan mərhələsindən sonra mən ABŞ-ın bir neçə universitetləri üçün elmi-tədqiqat layihəsi təqdim etdim. ABŞ-ın üç universitetindən müsbət cavab aldıqdan sonra Stenfordu seçdim”, - deyə R.Muradov bildirib.
Söz yox ki, BANM-də əldə etdiyi bilik və bacarıqlar, zəngin praktiki təcrübə onun Stenford Universitetinə qəbul olunmağında böyük rol oynayıb. Bu barədə danışan Riyad BANM-in rektoru Elmar Qasımova, müəllimlərinə, həmçinin BANM-in yaxın əməkdaşlıq etdiyi Neft Qaz Mühəndisləri Cəmiyyətinin nəzdində olan gənc istedadların proqramının rəhbəri Elşən Rzayevə minnətdarlığını bildirib.