İQTİSADİYYAT
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur
Bakı, 7 sentyabr, AZƏRTAC
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2 yanalma körpüsü fəaliyyət göstərir və daha iki yanalma körpüsü 2016-cı ilin sonuna kimi istifadəyə veriləcək. Ümumilikdə isə yeni Bakı Limanında 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 7-də Bakıda Ələt Azad Ticarət Zonasının yaradılması üçün məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanması mərasimində bildirib.
Nazir qeyd edib ki, yeni Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində müasir tələblərə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz regional logistik qovşaq funksiyası yerinə yetirməklə nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından daha səmərəli istifadəyə imkan yaradacaq.