ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə Tirana Texniki Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Ölkəmizdə səfərdə olan Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 21-də Bakı Dövlət Universitetində (BDU) olub.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Albaniya arasındakı əlaqələrin, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Ölkəmizdə elm, təhsil sahəsinə böyük önəm verildiyini vurğulayan rektor Azərbaycan Prezidenti İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladıb.
Qeyd olunub ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xeyli sayda gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil alır.
Akademik A.Məhərrəmov rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin inkişaf mərhələləri, fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edib.
Albaniya parlamentinin sədri İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və bu görüşün əhəmiyyətini vurğulayıb.
Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirən İlir Meta TAP layihəsinin reallaşdırılmasının Albaniya üçün çox önəmli olduğunu diqqətə çatdırıb.
İlir Meta qloballaşma şəraitində elmin, təhsilin xüsusi rolunu qeyd edərək, bu sahədə əlaqələrin genişləndirilməsinin, xüsusilə Tirana Texniki Universitetinin Bakı Dövlət Universiteti ilə əməkdaşlığının səmərəli olacağına əminliyini vurğulayıb.
Təhsilin inkişafı ilə bağlı fikirlərini bidirən Tirana Texniki Universitetinin rektoru Yorqak Kaçani rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib.
Sonra Bakı Dövlət Universiteti ilə Tirana Texniki Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi A. Məhərrəmov və Y.Kaçani imzalayıblar.
Görüşdə Albaniya parlamentinin sədri İlir Metana “Universitetin fəxri qonağı” diplomu təqdim edilib.
Sonra qonaqlar BDU-nun ayrı-ayrı mərkəzləri və laboratoriyaları ilə tanış olublar.