İQTİSADİYYAT
Bakı Fond Birjası ilə Yüksək Texnologiyalar Parkı tərəfdaşlıq memorandumu imzalayıblar
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkı (YTP) arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, memorandum Bakı Fond Birjası və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən "Startapların kapital bazarları vasitəsilə maliyyələşməsinin yolları" mövzusunda seminar çərçivəsində imzalanıb.
Tədbirə startap şirkətlərin nümayəndələri ilə yanaşı, BFB-nin üzvü olan investisiya şirkətləri və müxtəlif özəl sektor iştirakçıları qatılıb.
Bakı Fond Birjasının idarə heyətinin sədri Fariz Əzizov təmsil etdiyi qurum haqqında startap şirkətlərinin nümayəndələrinə və digər iştirakçılara qısa məlumat verdikdən sonra tədbirin əsas mövzusu olan kapital bazarları vasitəsilə maliyyələşmənin əhəmiyyətindən bəhs edərək, belə təlimlərin önəmliliyini qeyd edib.
Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev mövzuların şirkətlərə yararlılığından danışıb.
Seminarda "Borsa İstanbul"un marketinq və satış departamentinin müdiri Adnan Sərhat Görgün və BFB-nin biznesin inkişafı departamentinin rəhbəri Abdulla İsayev təqdimatlarla çıxış ediblər.
S.Görgün "Startap şirkətlərinin maliyyələşmə yolları", "Şirkətin dəyərləndirilməsi və bazarda dəyər qazanması", "Kapital bazarları vasitəsilə maliyyə cəlbi" və "İPO-ya hazırlıq" mövzularına toxunub və öz bilik və təcrübələrini seminar iştirakçıları ilə paylaşıb.
A.İsayev isə "BFB-də Listinq" və "Listinq Məsləhət Proqramı (LMP)" barədə məlumat verib və bu proqramdan startap şirkətlərinin necə faydalana biləcəyindən bəhs edib.
Sonra BFB-nin üzvü olan investisiya şirkətlərinin nümayəndələri start-uplarla bağlı müxtəlif layihələr çərçivəsində çalışmalar etmək istədiklərini və bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildiriblər.